Ağıllı həyat sensoru hazırlanmışdır
12.3.2013

“Toshiba” şirkəti həyat fəaliyyəti parametrlərinin intellektual sensorunu hazırlamışdır. Onun vasitəsilə orqanizmin əsas göstəricilərini uzaqdan kontrol etmək mümkün olacaqdır. Bu, xəstələr, təyyarəçilər, xilasedicilər, eləcə də doğmalarının vəziyyətinə görə daim narahat olan sadə insanlar üçün vacibdir.
Yeni sensor 32 bitlik çip ilə, məlumatların simsiz ötürülməsi sistemi ilə təchiz olunmuşdur. Çipin qabariti cəmi 14,5x14,5 millimetrdir, əgər ona antena, akkumulyator, müxtəlif sensorlar əlavə edilsə, onda orqanizmin həyat üçün vacib funksiyaları parametrlərinin ən kompakt sensorlarından biri alınar.
“Silmee” adlandırılan sensor eyni zamanda orqanizmin vəziyyəti haqqında məlumatları toplayır: elektrokardioqram edir, nəbzi, bədənin hərarətini ölçür, hərəkətləri qeydiyyata alır və s. Bu məlumatları simsiz rabitə ilə Bluetooth vasitəsilə smartfona və ya planşetə, oradan isə planetin istənilən nöqtəsinə göndərmək olar.
Hazırlanmış sensor 25x60 millimetr qabaritli və cəmi 10 qram ağırlığında olacaqdır. Ölçülərinin və çəkisinin belə kiçik olması sensorun pasiyentin əməliyyat sonrası vəziyyətinə nəzarətdən tutmuş təlim zamanı əsgərlərin və məktəbdə uşaqların izlənməsinədək müxtəlif istiqamətlərdə tətbiqinə imkan verəcəkdir.
Hazırda bazarda elektron tonometrlər və ya termometrlər kimi kifayət qədər kompakt tibbi cihazlar vardır. “Silmee” bu cihazların hamısını bir korpusda birləşdirir və yeni tibbi xidmətlərin inkişafına yol açır. Bundan başqa, xəstələrə qulluq, uşaqlara nəzarət sahəsində bir çox “qeyri-standart” əlavələr mümkündür.
“Silmee” həm də bəzi mobil əlavələr, məsələn, konkret insanın sizdən nə dərəcədə xoşlandığını müəyyənləşdirən mobil əlavələr üçün aparat təminatı qismində çıxış edə bilər.

AzərTac