Novruz Bayramı günlərində Azərbaycanda dəmir yolu qatarlarına əlavə vaqonlar qoşulacaq
13.3.2013

«Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişin daşımaları Departamenti qarşıdan gələn Novruz Bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Bunu «Azərbaycan Dəmir Yolları»nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib: «Bayram və istirahət günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər».

N.Əzməmmədov həmçinin qeyd edib ki, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək: «Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir».

APA