Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Monteneqronun Baş naziri Milo Dukanoviç ilə görüşdən sonra bu ölkədə Azərbaycan tərəfindən həyata keçiriləcək layihələrlə tanış olub.
Podqoritsa şəhərinin meri Mujomir Muqoşa Azərbaycan dövlətinin başçısına məlumat verdi ki, Monteneqroda fəaliyyət göstərən “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi şəhərin mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi barədə Podqoritsa şəhər meriyası qarşısında məsələ qaldırıb.
Bu məsələ ilə bağlı Monteneqro hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində şəhər parlamenti 2013-cü il fevralın 12-də paytaxtın mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsinə dair müvafiq qərar qəbul edib. Qərara əsasən, Podqoritsanın Mihail Lalic Bulvarından Sdutentska küçəsinə uzanan Meşe Selimoviç küçəsinin davamı olan küçəyə “Bakı” adı verilib. Hazırda küçədə təmir işləri aparılır və “Bakı” sözü yazılmış lövhələr quraşdırılır.
Bundan başqa, Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinin Avropa ölkəsində əbədiləşdirilməsinin vacibliyini nəzərə alaraq, “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində böyük ədibin büstünün ucaldılması təşəbbüsü ilə çıxış edib.
Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində 2012-ci il dekabrın 26-da şəhər parlamentində paytaxtın “Kral parkı”nda dahi Azərbaycan ədibi Hüseyn Cavidin büstünün qoyulmasına dair mütləq səs çoxluğu ilə qərar qəbul olunub. “Kral parkı” şəhərin mərkəzində - Prezident Administrasiyasının, Parlamentin, Nazirlər Kabinetinin və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin binalarının yaxınlığında yerləşir. Layihəyə əsasən, parkda Hüseyn Cavidin büstünün qoyulması, giriş qapısında Azərbaycan və Monteneqro gerblərinin vurulması, xalqımızın milli memarlıq üslubundan geniş istifadə olunması nəzərdə tutulur.
Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü hündürlüyü 1,6 metr olan ağ mərmər postamentin üzərində qoyulacaq.
APA