Təhminə Rüstəmova milli qəhrəman Məzahir Rüstəmovun yeganə qız övladıdır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kursunda təhsil alır. Beynəlxalq Münasibətlər fakultəsinin sonuncu kurs tələbəsi oaln Təhminə artıq magistratura imtahanının birinci mərhələsini də uğurla başa vurub.
Ən böyük arzusu isə diplomat olmaqdır. O, dövlət tərəfindən milli qəhrəman övladlarına diqqəti vacib hesab edir.
Belə ki, ödənişli təhsil alan milli qəhrəman və şəhid övladlarına güzəştlər, xüsusilə də, onların təhsil haqqından tamamilə azad edilməsi bu cür ailələrə həm maddi, həm də mənəvi dəstək ola bilər.
Artıq Milli Məclisin “Elm və təhsil komitəsi”ndə milli qəhrəmanların övladlarının ödənişsiz ali təhsil ala bilməsi ilə bağlı təhsil haqqında bir sıra hüquqi sənədlərə dəyişiklik edilməsi planlaşdırılır. Belə ki, hazırlanması gözlənilən “Milli qəhrəmanlar haqqında qanun” layihəsində bununla bağlı müddəalara da yer veriləcək.
Milli Məclisin üzvü Musa Qasımlı bildirib ki, müharibədə həlak olan şəxslərin övladlarının təhsil haqqından azad olmaları, digər təbəqələrə də güzəştlərin edilməsi vacibdir: “Çünki həmin təbəqələrin övldaları arasında elə istedadlıları var ki, onlar təhsil haqqına görə təhsil ala bilmirlər. Bu təklifin ictimai müzakirəyə çıxarılması təqdirəlayiqdir”.
Təklifə ictimai müzakirələrdən sonra Milli Məclisin plenar iclasında baxılması gözlənilir. Qeyd edək ki, ölkədə hazırda 211 milli qəhrəman ailəsi var.
VIDEO
ANS TV