Parisdə Azərbaycandan mədəniyyətlərarası dialoqun uğurlu nümunəsi kimi bəhs edilmişdir
13.3.2013

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin martın 12-də Parisdə keçirilən toplantısında Avropada gənclərin təhsil problemləri, onların fundamental hüquqlarından istifadəsi, Avropada təhlükə altında olan mədəni irs kimi vacib məsələlərlə yanaşı, mədəniyyətlərarası dialoq problemi də növbəti dəfə gündəmə gətirilmişdir.
“Müxtəlif mədəniyyətli cəmiyyətlərdə eynilik və müxtəliflik” mövzusunda məruzə yalnız sırf mədəni hədəfləri deyil, Avropanın və dünyanın gələcəyi ilə əlaqədar siyasi baxışları da nəzərdə tutur. Portuqaliyadan olan deputat Karlos Kosta Nevesin hazırladığı həmin məruzə qloballaşan dünyada əksər ölkələrin maraq dairəsini əhatə etdiyindən mövzu ilə bağlı dinləmələr təşkil edilmiş, komitə iclasına Avropa Şurası üzvlərindən savayı tanınmış mütəxəssislər və ekspertlər də dəvət edilmişdi.
İsveçdən, Stokholmdakı “İnterkult” Beynəlxalq Mədəniyyət Siyasəti Araşdırmaları Mərkəzindən Kris Torç, Paris Universitetinin Avropa Tədqiqatları İnstitutundan xanım Ann-Mari Autsie, Parisdəki Beynəlxalq “Frankafoniya” təşkilatının təhsil, gənclər və idman məsələləri üzrə müşaviri Filip Kantren çıxış etdikdən sonra geniş müzakirələr başlanmışdır.
Müzakirələrdə digər komitə üzvləri ilə yanaşı, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da düşüncələrini bölüşərək demişdir: “Mənim ölkəm – Azərbaycan mədəniyyətlərarası dialoqun və anlaşmanın klassik nümunəsi sayıla bilər. Bu, bir tərəfdən Azərbaycanın coğrafi yerləşməsi, həm Avropaya, həm Asiyaya aidliyi, həm Şərq, həm Qərb mədəni dəyərlərini özündə qovuşdurması ilə bağlıdırsa, digər tərəfdən xalqın özünün dünyagörüşü, mentaliteti ilə əlaqədardır.
Azərbaycanın paytaxtı Bakının mərkəzi hissəsində “İçərişəhər” adlanan və qala divarları ilə əhatə edilmiş qədim şəhər yerləşir. Bu balaca məkanda erkən orta əsrlərdən atəşpərəst məbədi, alban xristian kilsəsi, müsəlman məscidi bir-biri ilə yanaşı qərar tutmuş, yüzillər boyu müxtəlif dinləri, əqidələri, mədəni təsəvvürləri təmsil edən, müxtəlif xalqların nümayəndələri olan insanlar burada vahid ailə kimi anlaşma və sülh içərisində yaşamışlar. Bu çoxmillətlililk və çoxdinlilik mühiti Azərbaycan ədəbiyyatına da çoxdillilik kimi nadir bir keyfiyyət bəxş etmiş, Azərbaycan insanları və yaradıcı şəxsiyyətlərinə düşüncələrini bir neçə dildə sərbəst ifadə etmək vərdişini gündəlik həyat normasına çevirmişdir.
Həmin keyfiyyət bu gün də yaşamaqdadır. Bakı böyüyərək qala divarlarından kənara çıxıb, bir Şərq şəhərindən müasir Avropa şəhərinə çevrilmiş, lakin o sabit dəyərlər də şəhərlə birlikdə böyüyərək daha geniş çevrəni əhatə etmişdir.
Mədəniyyətlər və dinlərarası mehriban ünsiyyətləri bu gün qısa bir zaman ərzində əmrlə, bəyanatlarla yaratmaq müşküldür. Məhz Azərbaycanda olduğu kimi, tarixdən gələn və uğurla davam etdirilən ənənələr problemin müasir dövrdə də təbii bir axarla və yüksələn xətlə inkişafına meydan açır. Ən adi bir örnək Azərbaycanın və Bakının çoxmədəniyyətlilikdə müstəsna yerini, mədəniyyətlərarası dialoqda özünəməxsusluğunu əyani şəkildə göstərir. Ötən il Bakı ənənəvi “Eurovision” mahnı müsabiqəsinin qalibi kimi həmin məşhur yarışmaya ev sahibliyi edirdi və iştirakçıların əksəriyyətinin rəyinə görə bu, ən yaxşı təşkil olunmuş tədbirlərdən idi.
Bu günlərdə isə Bakıda müxtəlif Şərq və Qərb ölkələrinin təmsilçilərini əhatə edən başqa bir möhtəşəm musiqi yarışması - ”Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı keçirilir. Beləliklə, Azərbaycan iki mədəni qütb - Qərb və Şərq arasında harmoniyanın nümunəsi kimi böyük ənənələrə malik yolunu yenə də ləyaqətlə davam etdirir. Belə bir özünəməxsusluq və müxtəlifliyin əl-ələ olduğu mühit isə normal vətəndaş cəmiyyətinin, tolerantlıq fəzasının mövcudluğunu təmin edir, sözdə deyil, gerçəklikdə XXI əsrin arzulanan birgəyaşayış modelini yaradır”.
Adətən bu qəbildən olan məruzələr son olaraq Parlament Assambleyasının açıq müzakirələrinə çıxarılmazdan əvvəl problemlə əlaqədar xüsusi kollokvium da təşkil edilir. R.Hüseynov AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin belə bir kollokvimu nəzərdə tutan toplantısının, yaxud oxşar problemlərlə bağlı AŞPA xətti ilə bir konfransın Bakıda keçirilməsinin məqsədəuyğunluğunu təklif etmiş və həmin fikir rəğbətlə qarşılanmışdır.

AzərTac