Ümid küləyədir: amerikalılar energetikada dəyişikliklər olacağını proqnozlaşdırırlar
13.3.2013

ABŞ Energetika Nazirliyinin Lorens Berkli adına Milli Laboratoriyasının mütəxəssisləri külək enerjisinə investisiyalar yatırılmasının perspektivlərindən söz açan məruzə dərc etdirmişlər.
Təhqiqata görə, külək energetikası uzunmüddətli fyuçer sazişləri üçün yeni və çox cəlbedici obyekt ola bilər. Malların qiymətlərinin dəyişməsindən sığortalayan fyuçer sazişləri adətən qısamüddətli dövr üçün bağlanır, çünki indiki iqtisadi model şəraitində xammalın qiymətlərinin dəyişməsini irəlicədən proqnozlaşdırmaq çox çətindir.
Hazırda enerji resursları bazarında, o cümlədən ən iri bazar sayılan Amerika bazarında təbii qaz əsas yer tutur. “Şist qazı inqilabı” sayəsində yaxın perspektivdə qazın qiymətləri aşağı olacaqdır. Lakin söhbət daha uzaq perspektivdən gedirsə, təbii qazın qiymətləri sual altında qalır. Ekoloji riskləri, nəqletmə, hasilat və digər amillərlə bağlı çətinlikləri nəzərə almaq çox çətindir. Odur ki, təbii qazla bağlı uzunmüddətli fyuçer sazişləri, demək olar, bağlanmır.
Külək enerjisinin qiyməti sabitdir və hələ uzun müddət təxminən eyni səviyyədə qalacaqdır. Belə ki, ABŞ-ın kommunal xidmətlər bazarında qiymətləri müəyyən edilmiş diapazonda olan külək enerjisi ilə bağlı razılaşmalar onilliklər irəlicədən bağlanır. Bu, külək energetikasına rəqabətə davamlılıq kimi unikal üstünlük verir. Belə bir üstünlük nə neftdə, nə də təbii qazda vardır.
Məhz buna görə bəzi ölkələr alternativ enerji mənbələrinə istiqamət götürürlər. Məsələn, ABŞ-da şist qazı hasilatı kömür və neft energetikasından kütləvi şəkildə qaz energetikasına keçməklə nəticələnmişdir. İstisna deyildir ki, gələcəkdə qaza tələbat qat-qat artacaq və deməli, mavi yanacağın qiymətləri də yüksələcəkdir. Bu baxımdan külək enerjisi sərfəlidir, çünki belə kəskin qiymət dəyişmələrinə meylli deyildir.

AzərTac