Azərbaycanda yaradılan İnformasiya Texnologiyaları İnstitutu ölkədə gənc proqramçıların yetişdirilməsində vacib rol oynayacaq.
Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün Bakıda keçirilən «Win Phone 2» mobil əlavələr müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Hazırda ölkədə prioritet hesab olunan İKT sektorunun dinamik inkişaf etdiyini bildirən nazir müavini onu da qeyd edib ki, bu ilin may ayında Azərbaycanda informasiya cəmiyyəti günü qeyd olunacaq və hazırda bu məsələ ilə bağlı hazırlıq işləri aparılır.
E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda yaradılan texnoparklar gənc proqramçılara dəstək olacaq, eyni zamanda İKT-yə Dəstək Fondu da proqramçıların formalaşmasına müəyyən töhfə verəcək: «Gənc proqramçılar tərəfindən hazırlanan mobil əlavələr «elektron hökumət» layihəsi çərçivəsində elektron xidmətlərdən istifadə edənlərin əhatə dairəsini genişləndirəcək».
APA