Noyabrın 17-də Müasir İncəsənət Muzeyində “Baku” jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Baku” jurnalının baş redaktoru, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Baku” artıq 4
ildir rus dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı
2007-ci ilin dekabrında Moskvada təqdim olunub. Bu qısa müddət ərzində
“Baku” jurnalı böyük nüfuz qazanıb və geniş maraq oyadıb. Jurnalda
Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı
materiallar təqdim olunur”.
Baş redaktor qeyd edib ki, jurnalın ingilis dilində nəşrinin məqsədi Azərbaycanı dünyaya daha geniş coğrafiyada tanıtmaqdır.
Jurnalın Paris, Roma, Berlin və Nyu-Yorkda da təqdimatının keçirilməsi
planlaşdırılır. Bundan əvvəl jurnalın London və Moskva şəhərlərində
təqdimatı keçirilib.