BMT-nin qərarı əsasında hər il 21 mart tarixinin bütün dünyada Beynəlxalq Novruz Günü kimi bayramın qeyd edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin və London şəhərindəki “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin birgə dəstəyi, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə martın 18–19-da London şəhərinin Kensington və Çelsi meriyasının binasında Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcəkdir.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən bildirmişlər ki, sərgiyə, eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də təşkilati dəstək vermişlər.
Sərgidə iştirak etmək üçün Azərbaycandan 41 nəfərdən ibarət nümayəndə heyəti martın 17-dən 24-dək Böyük Britaniya Krallığında səfərdə olacaqlar.
Londonda keçiriləcək sərgidə nümayiş etdirilmək üçün 20 rəssamın 110 əsəri seçilmişdir. Onların arasında Günay Bəylərovanın “ Günəşin doğulması”, İnara Əliyevanın “Qız qalası”, Riad Hacıyevin “Ağ at”, Sevil Məlikovanın “İtburnu“, Cəmalə Mirzəyevanın “Sualtı aləm ”, Xavər Əliyevanın “Yaz”, Günay Rzalının “Köhnə şəhər”, Qəmər Ağazadənin “NuDe ”, Sənan Əlizadənin “Bakı”, Heydər Əlibəylinin “Buta ”, Safurə Cəfərovanın “Fil ”, Nigar Abdullayevanın “Kofe ”, Nurlana Hacıyevanın “Kəpənəklər “, Kamilə Abdullayevanın “İçəri şəhər“, Nərmin Şərifovanın “Dəniz fantaziyası”, Nəzrin Nur-Məmmədovanın “Köhnə Bakı”, Aytən Gəriblinın “Dərviş”, Natəvan Məmmədovanın “Qara və Yaşıl kompozisiyalar“, Nəcibə Sadıxovanın “Popuqay” və Arzu Abdullayevanın “Gənclik “ rəsmləri diqqəti xüsusilə cəlb edir.
Sərgilənəcək əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edir. Lakin bütün bu əsərləri novatorluq, Vətənə sevgi, həyata yeni baxış kimi cəhətlər birləşdirir.
Səfər müddətində Azərbaycanın gənc rəssamları Böyük Britaniyanın görməli yerlərinin eskizlərini və fotolarını çəkəcək, Bakıya qayıtdıqdan sonra həmin eskizlər üzərində işləyəcəklər. Eskizlər hazır olandan sonra isə Bakıda “Böyük Britaniya Azərbaycanın gənc rəssamlarının gözü ilə” mövzusunda sərgi təşkil ediləcəkdir.
Sərginin sonunda iştirakçı rəssamlara sertifikat-plaketlər təqdim olunacaqdır.
AzərTAc