Azərbaycanda yeraltı yolların öyrənilməsinə robotlardan istifadəyə aprelin 15-dən başlanacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.
Onun sözlərinə görə, aprelin 15-də ABŞ-ın Smitson İnstitutunun Arxeologiya və Etnoqrafiya Şöbəsinin 8 nəfərlik nümayəndə heyəti Gəncəyə gələcək. Onlar AMEA Gəncə Elmi Bölməsinin Arxeologiya və Etnoqrafiya Şöbəsi ilə birgə Gəncənin yeraltı yollarının tədqiqinə və bu yolların arxeoloji yaşını təyin etməyə başlayacaqlar.
S. Pişnamazzadə deyib ki, ilk dəfə olaraq Azərbaycanda Gəncədə yeraltı yolların tədqiqində robotlardan istifadə olunacaq: “Keçmiş SSRİ-də robotlar yalnız Türkmənistanda zərdüştlük kurqanlarının tədqiqində istifadə edilib. Smitson İnstitutunun Milli Mədəniyyət Muzeyinin direktoru Pol Teylor Gəncədə səfərdə olarkən bu barədə razılıq əldə olunub. ABŞ mütəxəssisləri özləri ilə robotlar gətirəcəklər. Gəncənin yeraltı yollarına cəmi 200 metr daxil olmaq mümkündür. Havasızlıq olduğundan bundan artıq irəli getmək mümkün deyil. Robotlar üçün isə belə problem olmayacaq. Robotların üstündə kamera olacaq. Onlar həm də arxeoloq kimi işləyəcəklər, onlar torpaqdan nümunə götürərək onun yaşını təyin edəcəklər”.
Qeyd edək ki, Misir ehramlarının yeraltı yollarının tədqiqini də Smitson İnstitutu həyata keçirib.
publika.az