Noyabrın 17-də çoxsaylı tamaşaçı auditoriyası toplayan “Alatoran” (“Twilight”) filminin “Sübh” (“Breaking Dawn”) adlı dördüncü hissəsinin bütün dünyada olduğu kimi Azərbaycanda da premyerası keçirilib.
“Park Cinema”da ötən gündən başlanan filmin premyerası ilk gündən yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Premyera günü hər seans anşlaqla baş tutub. “Alatoran”un 4-cü hissəsinin premyerasına biletlər bir neçə gün bundan əvvəl satılıb qurtarıb. Hətta artıq 10 gün ərzində heç bir seansa bilet qalmayıb. Filmin biletlərin qiyməti 7 manata satışa çıxarılıb. “Sübh” adlanan 4-cü hissə iki baş qəhrəman obrazını oynayan Robert Pattinson (Eduard) və Kristen Stüartın (Bella) simasında vampirlə insanın qovuşma səhnəsi, vampir uşağın dünyaya gəlməsi və ana Bellanın vampir olmasından ibarətdir.
Stefan Mayerin eyniadlı əsəri əsasında “Summit Entertainment” kinostudiyasında istehsal olunan “Twilight”nin rejissoru Ketrin Xardvik, prodüserləri Vik Qodfri, Cemi Marşall, ssenari müəllifi Melissa Rozenberq, operatoru Elliot Devis, bəstəkarı Karter Barvelldir. Filmdə əsas rolları dünyaca tanınmış aktyorlar Kristen Stüart, Robert Pattinson və Teylor Lotner çıxış edir. Triller-melodrama, eyni zaman fantaziya janrında olan filmin bundan öncə təqdim olunan birinci hissəsi “Twilight-Saga”, ikinci hissəsi “Twilight–New moon”, üçüncü hissəsi “Twilight-Eclipse”, dördüncü hissəsi isə “Twilight-Breaking Dawn” adlanır. Bu filmin hər bir hissəsi çoxsaylı mükafatlar qazanıb. Bu mükafatların əksəriyyətini isə filmdə vampir rolunu canlandıran Robert Pattinson əldə edib.
Yaradıcı heyət bu ekran işinin uğurlu alınmasını əsas tutaraq “Twilight”i davam etdirmək qərarına gəliblər. “Sübh”ün premyerasında ekranlarda bu hissənin davam edəcəyi barədə məlumat verilib. “Sübh”ün II hissəsinin dünya premyerası gələn il noyabrın 17-də keçiriləcək.