Gəncədə keçiriləcək Novruz şənliklərində 30-dan artıq xarici ölkə gənclərinin də iştirakı gözlənilir.
Bu barədə məlumat verən “Gələcəyə Körpü” gənclər ictimai birliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Təbriz Rzayev demişdir ki, martın 19-dan 26-dək Gəncədə Avropa Komissiyasının Gənclər Fəaliyyətdə proqramının maliyyə dəstəyi ilə “İnkişaf üçün əməkdaşlıq-beynəlxalq gənclər işində layihələrin idarə edilməsi” adlı təlim kurslarına başlanacaqdır və həmin kurslarda 30-dan artıq ölkədən nümayəndə iştirak edəcəkdir. Bir həftəlik tədbir zamanı Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq, təşəbbüslər yaratmaq, yerli QHT-lərin bacarıqlarının inkişaf etdirilməsi, Qafqaz regionunun inkişaf məsələlərinin araşdırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gənclərin layihə rəhbərliyi səlahiyyətlərinin artırılması kimi məsələlər ətrafında müzakirələr aparılacaqdır. Bundan başqa Azərbaycanın mədəniyyəti, adət və ənənələri ilə tanış etmək məqsədi ilə onlar Gəncədə keçiriləcək Novruz şənliklərində də iştirak edəcəklər.
Təlim kurslarında Almaniya, İspaniya, Gürcüstan, Ukrayna, Rumıniya, Moldova, Çexiya, İtaliya, Türkiyə, Latviya və sair ölkələrdən gənclərin gəlməsi gözlənilir.
AzərTac