Bu ildən 20 mart Beynəlxalq Ağız Boşluğu Günü kimi qeyd olunacaqdır
19.3.2013

Bu ildən etibarən martın 20-si Beynəlxalq Ağız Boşluğu Günü kimi qeyd olunacaqdır.
Bu barədə Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva məlumat vermişdir.
Rəna Əliyeva bildirmişdir ki, əvvəllər həmin gün hər il sentyabrın 12-də qeyd olunurdu. Lakin Beynəlxalq Stomatoloji Federasiyanın yeni qərarına görə bu əlamətdar gün martın 20-si ilə əvəzlənmişdir.
Rəna Əliyeva qeyd etmişdir ki, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) və Beynəlxalq Stomatoloji Federasiya avqustun 28-31-də Türkiyənin İstanbul şəhərində növbəti beynəlxalq konqres təşkil edəcəkdir. R.Əliyeva ASA-nın prezidenti kimi konqresə bir sıra təkliflər paketi təqdim edəcəyini də söyləmişdir.
R.Əliyeva demişdir: “ASA ölkə daxilində olduğu kimi, beynəlxalq fəaliyyətini də uğurla davam etdirir. Assosiasiyamızın məqsədlərindən biri də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdir. Biz artıq buna nail olmuşuq. Şübhəsiz ki, bütün bu uğurlar Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısı ilə bağlıdır. Biz də dövlətimizin başçısının səhiyyə işçilərinə göstərdiyi etimadını doğrultmaqdan ötrü yeni uğurlara imza atacağıq”.

AzərTac