Martın 28-29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Maşa və ayı” tamaşası nümayiş olunacaqdır.
Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlamış və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcəkdir. Hazırda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.
Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə reallaşmışdır. Gürcüstanda 56 dəfə oynanılmış tamaşa 28 min 556 nəfər tərəfindən izlənilmişdir.
Bakıda nümayiş olunacaq tamaşa məxsusi olacaqdır. Azərbaycan tamaşaçıları üçün hazırlanmış səhnə əsəri xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunmuşdur.
Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır və əylənirlər.
Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış etmişlər. Bu səhnə əsərinin quruluşçu rejissoru Qoça Kviçadır.
Tamaşanın biletləri Yuğ Teatrının kassalarında satılır.
Azərtac