Ekoloji problemlərlə mübarizə metodlarına yeni yanaşmaları təbliğ edən IDEA kampaniyası incəsənət və ətraf mühit arasında harmoniyanın saxlanılması üçün “ətraf mühit incəsənəti” kimi ilk dəfə olaraq 2013-cü ilin May ayında Azərbaycanda “Beynəlxalq Yaşıl Qraffiti festival”ı keçirəcək.
Qlobal ekoloji məsələlər haqqında incəsənət vasitəsilə ictimaiyyəti məlumatlandırmaq və yeni metodlarla maarifləndirmə xarakterli olan layihə, həmçinin gənc rəssamlar üçün yeni bir fəaliyyət istiqamətinin təbliğatı kimi ölkəmizdə bir ilk olacaq.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan bu sahədə fəaliyyət göstərən qraffiti ustaları və qraffiti işinə maraq göstərən gənclər festivalda iştirak edə bilərlər. Bunun üçün festivalda iştirak etmək istəyən gənc qraffiti mütəxəssislərindən “təbiət”, “heyvanat aləmi”, “yaşıl düşüncə” və ümumi olaraq ətraf mühit məsələləri mövzusunda çəkilməli olan əsərlərin ilkin variantını “jpeg” fayl formatında greengraffitibaku@ideacampaign.org elektron ünvanına göndərmələri tələb olunur. İşlərin göndərilməsi üçün son tarix 20 Aprel 2013-cü ildir.
Festivalda iştirak edəcək əsərlərin münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra müvafiq olaraq I, II və III yerin qalibləri müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Xatırladaq ki, IDEA kampaniyası 2011-ci il, iyul ayının 12-də Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.
Gün.Az