Bu gün dünya şöhrətli müsiqiçi Mstislav Rostropoviçin anım günüdür.
Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Atası Leopold Rastropoviç qismən belarus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. M.Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci Dünya Müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından piano ifaçılığının sirlərini öyrənir. On yaşında isə atası, tanınmış violonçel ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violonçelin incəliklərini öyrənir.
1943-1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək, 1956-cı ildə bu konservatoriyanın violonçel ifaçılığı şöbəsində professor təyin edilir. Rostropoviç Moskva konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violonçelist kimi nəzər-diqqətləri cəlb edir.
Həm dirijor, həm də vilonçel ifaçı olan Rostropoviç Stalin (1966) və Lenin (1951 və 1964) mükafatları laureatı, 1992-ci ildə isə Dövlət mükafatı laureatı olub. Ümumilikdə 50-yə yaxın mükafata layiq görülüb. O, tək musiqiçi kimi yox, mənəvi azadlıq, insan hüquqlarını qoruyan şəxs kimi də məşhur idi.
1974-cü ildə Rostropoviç Qərbin ilk aparıcı dirijorlarından biri idi. 17 il ərzində o, Vaşinqtonda Milli Simfoniya Orkestrinin bədii rəhbəri olub, fasiləsiz dirijorluq edib. Müntəzəm olaraq o, Berlin Filarmoniyasında, Boston simfonik Orkestrində, London Filarmoniyasında, London simfonik Orkestrində qonaq olub.
Milli.Az