Azərbaycan ərazisində noyabrın 23-dən hava şəraiti kəskin pisləşəcək
21.11.2011

Paytaxt Bakıda sulu qar, rayonlarda qar yağacaq, bəzi yerlərdə intensivləşək. Bakı və Abşeron yarımadasında noyabrın 22-də səhər və axşam bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, arabir güclənən şimal-şərq küləyi arabir gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq.
Noyabrın 23-də havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısından havanın dəyişiləcəyi, axşama doğru yağıntılı olacağı proqnozlaşdırılır. Gecə isə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 22-də hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Noyabrın 23-də günün ikinci yarısından hava şəraitinin dəyişiləcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi, daha da kəskinləşəcəyi, yağıntının bəzi yerlərdə güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 23-də gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta olacaq.