Bu gündən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən
sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə
onlayn rejimdə satışına start verilib. «Azərbaycan Dəmir Yolları»
QSC-dən verilən məlumata görə, bu sistemlə sərnişin kassaya
yaxınlaşmadan QSC-nin saytının (www.railway.gov.az) onlayn bilet
bölməsinə daxil olmaqla onlayn rejimi ilə istənilən qatara bilet sifariş
edib plastik kartla ödəniş edə biləcək.
Onlayn bilet satışı qatarın hərəkətinə 2 saat qalana qədər mümkündür.
Onlayn formada bilet almaq istəyən müştərilər əvvəlcə QSC-nin saytında
(www.railway.gov.az) yaradılan satış sistemində istifadəçi kimi
qeydiyyatdan keçməlidir.
Bileti bu üsulla almış müştəri elektron biletin çap variantını götürərək
qatara bir saat qalmış stansiyaya gəlməli, sənədlərini təqdim edərək
biletini təsdiqləməlidir.
Bu sistemlə biletləri hər gün saat 7:00-dan 23:00-dək almaq mümkündür. Günün digər vaxtlarında sistem profilaktikaya dayanacaq.
Qaydalara görə, bir nəfər istifadəçi öz kodundan istifadə etməklə 4
nəfər üçün bilet ala bilər. Bir şərtlə ki, hamısına aid məlumatları
yerləşdirsin. Elektron bilet uşaq üçün alınırsa, sərnişin burda uşağın
yaşını göstərməlidir. 5 yaşına qədər uşaqlar üçün bilet pulsuzdur, 5-10
yaş üçün yarım bilet, 10-dan yuxarı tam bilet alınmalıdır.
Elektron biletləri də adi biletlər kimi, 10 gün öncədən almaq mümkündür.
APA-ECONOMICS