Ən məşhur hotel “suvenir”lərinin siyahısı tərtib olunub
26.6.2011

Aviabiletlərin axtarışı sistemi olan «Skyscanner» turistlərin daha çox hotellərin nömrələrindən hansı əşyaları özləri ilə aparmasına dair sorğu keçirib.
Anonim sorğuların nəticələrinə əsasən, turistlər hotellərin nömrələrindən ən çox şampun, dəsmal və başmaqları özləri ilə aparır. Belə ki, sorğuda iştirak edənlərin 49%-i hotellərdən şampun və sabunu, 13%-i dəsmalı, 10%-i isə başmaqları özləri ilə apardıqlarını etiraf edib.
Bundan başqa, respondentlərin 6%-i hotellərin nömrələrindən xatirə olaraq özləri ilə külqabını, 5%-i hamam xələtini, 2%-i isə yataq ağlarını özləri ilə götürdüyünü bildirib.
Maraqlısı odur ki, reytinqdə turistlərin özləri ilə apardığı «suvenir»lər sırasında televizor və balış (hərəsi 2%), televizor pultunun batareyası, pərdə və divardan asılmış rəsm şəkilləri də (hərəsi 1%) yer alıb.
Sorğu zamanı iştirakçıların seçə biləcəkləri digər hotel əşyaları isə 1% belə toplamayıb. Turistlərin hoteldən gedərkən özləri ilə apardığı əşyalar sırasında ən nadirləri hamam otağının pərdəsi, taburet və çarpayı olub. Respondentlərin biri isə hoteldən gedərkən hotel qulluqçusunu özü ilə apardığını etiraf edib.