Azərbaycana soyuqlar qayıdır
29.3.2013

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova cümə axşamı bildirib ki, belə hava şəraiti sabahdan martın 30-u gündüzədək davam edəcək. Martın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti təşkil edəcək. Lakin günün ikinci yarısından başlayaraq şimal küləyinin daha da güclənməsi nəticəsində axşama doğru temperaturun 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcə şaxta təşkil edəcək.

Tibbi meteoroloji proqnoza əsasən, martın 29-dan günün ikinci yarısından 30-u axşamadək güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Milli.Az