Tanınmış Azərbaycan alimi, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin ABŞ-ın “Trafford” nəşriyyat evi tərəfindən çap edilmiş “Hakimiyyət, cəmiyyət və din” (“Power, Society and Religion”) adlı kitabı qısa müddət ərzində bestsellerlər (ən çox oxunan kitablar) sırasına daxil olmuşdur. Nəşriyyatın rəsmi internet saytında (“www.trafford.com) alimin kitabı “Top-25” satış liderlərinin siyahısında üçüncü yerdədir.
Kitabda hakimiyyət və din məsələləri ilə yanaşı, dövlət institutları və dini qurumlar arasındakı ziddiyyətlərin həlli yolları əksini tapmışdır. Müəllif yazır ki, cəmiyyət, dövlət və din nəinki qarşılıqlı əlaqədədir, onlar hətta biri digərindən asılı və bir-birini tamamlayan komponentlərdir. Buna görə də yalnız onların arasındakı əlaqələri dərindən dərk etməklə cəmiyyətdə güc tarazlığını qoruyub saxlamaq mümkündür.
“Hakimiyyət, cəmiyyət və din” kitabının nəşri böyük marağa səbəb olmuşdur. Yaxın Şərqin və Şimalı Afrikanın siyasi həyatındakı sürətli dəyişikliklər siyasətçiləri və alimləri İslam dini ilə demokratiyanın həyat qabiliyyətli birgəyaşayış modellərini axtarmağa vadar edir. Azərbaycanın bu mühüm sahədə təcrübəsinin öyrənilməsi əhəmiyyətlidir.
AzərTac