“Euronews” telekanalı Azərbaycan paytaxtında keçiriləcək Dünya İqtisadi Forumu haqqında məlumat yaymışdır
29.3.2013

“Euronews” kanalı Azərbaycan paytaxtında keçiriləcək Dünya İqtisadi Forumu haqqında məlumat yaymışdır.
“Euronews” kanalının Bakının ev sahibliyi edəcəyi Dünya İqtisadi Forumu haqqında yaydığı məlumatda bu mühüm tədbirin aprelin 7-8-də ölkəmizdə keçiriləcəyi bildirilir.
Ümumiyyətlə, son vaxtlar dünyanın aparıcı televiziya kanalları Azərbaycan, ölkəmizin inkişafı, mədəniyyəti və adət-ənənələri haqqında silsilə verilişlər yayımlayırlar.
Bu yaxınlarda “Euronews” kanalı Azərbaycanda Novruz bayramının keçirilməsi ilə də bağlı geniş reportaj təqdim etmişdir.
“Bir həftə ərzində Bakı küçələri bayram şənliklərinin mərkəzinə çevrilir” sözləri ilə başlanan reportajda Novruzun rəmzləri haqqında məlumat verilir.
Respublikanın bölgələrində də olan “Euronews” kanalının çəkiliş qrupu Novruz şirniyyatı və yeməklərinin hazırlanması prosesində iştirak etmişdir. Tonqal üstündən tullanma, xoruz döyüşü, kəndirbazların çıxışının da Novruz adətlərinə daxil olduğu bildirilir. Bütün bu ritualların Qobustan qayalarında öz əksini tapması da dünya tamaşaçılarının diqqətinə çatdırılır.
Reportajda, həmçinin Novruz bayramının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyi vurğulanmışdır.

AzərTac