Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayacaq
1.4.2013

Aprelin 4-də “Bakı Expo” Mərkəzində XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF-2013”) işə başlayacaq. Ənənəvi olaraq yay məzuniyyətləri və tətillər ərəfəsində baş tutan sərgi bu il aprelin 6-dək davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “AITF-2013” sərgisi iştirakçılarının coğrafiyası baxımından əvvəlkilərdən xeyli dərəcədə fərqlənəcək. Başqa sözlə, budəfəki sərgi dünyanın 35 ölkəsini əhatə edəcək.

“AITF-2013”-də turoperatorlar və turizm agentlikləri, aviaagentliklər, mehmanxanalar, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji, tibbi turizminin təşkili ilə məşğul olan şirkətlər öz xidmət və turizm məhsullarını təqdim edəcəklər. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan “Xaricdə əmlak” adlı bölmə də təmsil olunacaq.

Sərgidə 16 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu il sərginin daimi iştirakçıları - Türkiyə, Gürcüstan, Çex Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələrlə yanaşı, ilk dəfə olaraq Bakıya Dominikan Respublikası, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın da nümayəndələri gələcəklər.
Sərgi ziyarətçiləri müəyyən fasilədən sonra yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər.

Sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkil edilməsi də planlaşdırılır. Burada Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin başqa regionlarının turizm imkanları təqdim olunacaq.

Ənənəvi olaraq sərgidə təqdimat mərasimləri və seminarların keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, iştirakçıların stendlərində müxtəlif lotereyalar və istirahət turları da oynanılacaq.

AITF sərgisi hər il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil edilir. Bundan əlavə, sərgi Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də rəsmi olaraq dəstəklənir.

ANS PRESS