Azərbaycanda qaçqın teatrların festivalı keçiriləcək
22.11.2011

Bakıda Azərbaycandakı qaçqın teatrların festivalı keçiriləcək. festivalın keçirilməsi təklifi ilə bu gün Teatr Xadimləri İttifaqında keçirilən mətbuat konfransında Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimov çıxış edib.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov rejissorun bu təklifini müsbət qarşılayıb: “Əslində bizim belə fikrimiz var idi. Hətta festivalı bu il keçirmək istəyirdik. Amma Eksperimental Teatr Festivalından dolayı, bu ideyanı növbəti il gerçəkləşdirmək qərarına gəldik. Bu gün dünyanın heç bir ölkəsində qaçqın teatr yoxdur. Bu, yalnız Azərbaycanda var və biz bu teatrların qeydinə qalmalıyıq”.
Qeyd edək ki, bu gün Azərbaycanda 4 qaçqın teatr fəaliyyət göstərir. Bunlar Şuşa Dövlət Musiqili Dram Teatrı, Fizuli Dram Teatrı, Ağdam Dram Teatrı və İrəvan Dövlət Musiqili Dram Teatrıdır.
Sözügedən festivalda həmin teatrların kollektivi iştirak edəcək.