İordaniya Kraliçası Azərbaycanda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcəkdir
2.4.2013

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri həmsədri Ülyahəzrət Kraliça Nur Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcəkdir.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil ediləcəkdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilmişdir ki, ikigünlük səfər zamanı Ülyahəzrət Kraliça Nur Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali toplantısında da iştirak edəcəkdir.
Cənubi Qafqaz Forumu dünyanın 50-dən çox ölkəsindən 30-dan artıq sabiq dövlət və hökumət başçısının, 200-dən çox nüfuzlu elm xadiminin iştirak edəcəyi beynəlxalq əhəmiyyətli tədbirdir.
Forumun təşkilinə İsgəndəriyyə kitabxanası, “Fundacion de Paz”, Roma klubu, Gəncə Şəhər İcra hakimiyyəti və digər qurumlar dəstək göstərir. Forum “Çatman Evi” beynəlxalq qanunları çərçivəsində keçiriləcəkdir.
Hazırda Kral Hüseynin adını daşıyan Fonda rəhbərlik edən Kraliça Nur ABŞ-da Şərq və İslam dünyası dəyərlərinin və mədəniyyətinin təbliğində mühüm rol oynayır.

AzərTAc