Almaniyanın “Münchner Stadtmagazin” jurnalında “Odlar diyarında küləklər şəhəri” sərlövhəli məqalə dərc olunmuşdur
2.4.2013

Almaniyanın “Münchner Stadtmagazin” jurnalında “Odlar diyarında küləklər şəhəri” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalə Bakının memarlıq və mədəni təsvirinə həsr olunmuşdur.
Məqalənin əvvəlində Bakı şəhərinin rəmzi olan atəş formalı binaların şəhərin inkişafında həlledici rol oynamış zəngin neft və qaz sərvətini xatırlatdığı qeyd olunur. Bildirilir ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində bütün dünyanın neftə olan tələbatının yarısını ödəyən Bakı neft sənayesinin inkişafı sayəsində Avropadan gəlmiş memarlar şəhərdə gənclik və neoqotik memarlıq üslublarında gözəl binalar ucaltmışlar. Dörd kilometr uzanan Dənizkənarı Bulvar və ona paralel yerləşən aparıcı dizayner mağazaları şəhərin özünəməxsus görünüşünün mühüm elementləridir. UNESCO-nun mədəni irs siyahısına daxil olan İçərişəhərdə yerləşən dar küçələr, Şirvanşahlar sarayı, xalça emalatxanaları, bazarlar, şəhər divarları, Qız qalası şəhərin müasir hissəsində tam kontrast yaradaraq Bakıya xüsusi gözəllik verir. Qeyd olunur ki, İçərişəhərdəki “Karvansaray” Bakının tarixi İpək Yolunda yerləşməsi ilə əlaqədardır. Daha sonra məqalədə paytaxtımızda musiqi və incəsənətin geniş vüsət almasından söhbət açılır. Filarmoniya, Crystal Hall, Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilir.
Məqalədə, eyni zamanda, Bakının müasir memarlıq və tarixi abidələrindən ibarət maraqlı şəkillər, paytaxtımıza səfər etmək istəyən turistlər üçün əlavə informasiya kimi Atəşgah məbədi, Qobustan muzeyi və Naftalan kurortu barədə də qısa məlumat verilmişdir.

AzərTAc