Azərbaycanda Fransız İnstitutunun təşkil etdiyi Frankofoniya həftəsində müsabiqə keçirilib. Müsabiqədə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllim və tələbələri qalib olub.
ADU-nun Fransız dili kafedrasının baş müəllimi Xədicə Əyyubova Müəllim kateqoriyası üzrə tərcümə yarışmasının qalibi olub, Fransada bir aylıq kurs keçmək imkanı qazanıb. Tələbə kateqoriyası üzrə isə ADU-nun Tərcümə fakültəsinin IV kurs tələbəsi Lalə Abbasova Fransaya 10 günlük səyahət əldə edib. İmla nominasiyası üzrə isə I yerə ADU-nun magistratura pilləsinin 1-ci kursunda təhsil alan tələbəsi Əminə Qasımzadə layiq görülüb və Fransaya səyahət qazanıb. II yeri isə universitetin tərcümə fakültəsinin 374-cü qrup tələbəsi Kəmalə Nəbiyeva tutub və öz növbəsində Azərbaycandakı Fransız dili İnstitutunda bir semestr boyu ödənişsiz kurs keçmək şansına sahib olub.
Qeyd edək ki, Azərbaycanda Frankofoniya həftəsi mart ayının 27-dən 30-na kimi davam edib. Tədbirdə 3 nominasiya üzrə - foto, tərcümə və imla- müsabiqələr keçirilib. Frankofoniya həftəsinə fransız dilini öyrənən və öyrədənlər üçün mükafat, Fransaya səyahət olan müsabiqələr daxil idi. Bayram həftəsi fransız dilində imla müsabiqəsi ilə başa çatıb.
Publika.Az