Bakıda yeni yol salınır
2.4.2013

Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər yeni yol inşa ediləcək. Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa "Olimpiya" stadionuna qədər uzanacaq. Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqların sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolötürücülərinin tikintisi planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.

Yolun tikintisinə yaxın vaxtlarda başlanacağı gözlənilir.

ANS PRESS