Milli Azərbaycan Tarixi Muzeyinə “Molla Nəsrəddin” jurnalının nadir nömrələri hədiyyə olunmuşdur
3.4.2013

ABŞ-da yaşayan və Vaşinqton şəhərində mühəndis işləyən həmvətənimiz Fərhad Məmmədov AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə dəyərli hədiyyə bağışlamışdır.
AMEA-nın mətbuat xidmətindən bildirilmişdir ki, bu, müsəlman Şərqinin ilk və ən populyar satirik nəşri olmuş “Molla Nəsrəddin” jurnalının 1908-1909-cu illərə aid nömrələrinin cildlənmiş toplusudur.
Maraqlıdır ki, toplu vaxtilə görkəmli Azərbaycan iqtisadçısı və etnoqrafı, hələ sağlığında “Azərbaycanşünas alim” adı ilə tanınan, Cümhuriyyət dövrünün görkəmli ziyalılarından biri, sovet işğalına qarşı gizli mübarizə aparan Azərbaycan İstiqlal Təşkilatının fəal üzvlərindən olmuş Məhəmmədhəsən bəy Baharlıya (1896-1937) məxsus olmuşdur.
M.H.Baharlı 1937-ci ildə güllələndikdən sonra onun kitabxanasındakı kitab və jurnallar qohumu Mir Həsən Mir Əbdüləhəd oğlu Həsənova qalmışdır. O isə sonralar onları öz nəvəsi Fərhad Məmmədova vermişdir.
Beləliklə, muzeyin fondları Azərbaycan tarixinin, milli mətbuatımızın daha bir yeni eksponatı ilə zənginləşmişdir.

AzərTAc