Azərbaycan prezidenti İlham Əliyev “BakuTel–2011” telekommunikasiya və
informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını
təbrik edib.
Təbrik məktubunda deyilir:
“Sizi – “BakuTel-2011” 17-ci Beynəlxalq sərgi və konfransının
iştirakçılarını bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə təbrik
edirəm. Builki sərgi və konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya
İKT cəmiyyətlərinin bu tədbirə verdiyi qiymətin parlaq təzahürüdür. Ölkəmizdə hər il keçirilən bu Beynəlxalq sərgi və konfrans müxtəlif
ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə
mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl
texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin
genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərir. 2003-cü
ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət
proqramı qəbul edilib, hüquqi baza formalaşıb, uyğun islahatlar həyata
keçirilib və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həcmdə
investisiya qəbul edən müasir İKT bazarı yaradılıb. Ölkəmiz regional və
beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli
informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya
şəbəkəsi kimi layihələr buna misaldır.
İnanıram ki, “BakuTel-2011” 17-ci Beynəlxalq telekommunikasiya və
informasiya texnologiyaları sərgisi və konfransı müasir texnoloji
nailiyyətlərin nümayişi, şirkətlərin, hökumət və dövlət təşkilatlarının,
alim və mütəxəssislərin birgə müzakirələri, biznes əlaqələrinin
qurulması, regional və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də
Azərbaycanla yaxından tanışlıq üçün əlverişli mühit olacaq.
Sərgi və konfransın işinə uğurlar arzulayıram”.
APA