Azərbaycanın «Azerspace-1» ilk telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən tamamilə «Azərkosmos» ASC-yə təhvil verilib.
«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatları mart ayının 15-dən başlayıb və aprelin 2-də başa çatıb.
Peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir.
Hazırda «Azərkosmos»un mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edirlər və lazımi əməliyyatlar aparırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir.
Qeyd edək ki, fevralın 8-də orbitə buraxılan «Azerspace-1» peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi fevralın 15-də açılıb, fevralın 19-da isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb.