Mehriban xanım Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib
23.11.2011

Noyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda səfərdə olan beynəlxalq polis təşkilatı – İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
GoMap-in “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fonduna gələn İNTERPOL-un nümayəndə heyəti H. Əliyevin şəxsi arxivindən götürülən və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar və fotoşəkillərlə tanış olub. R.Nobl Fondun xatirə kitabına ürək sözlərini yazıb.
İNTERPOL-un nümayəndə heyəti ilə görüşən M. Əliyeva Azərbaycanın 1992-ci ildən İNTERPOL-a üzv olduğunu, dövlət və hökumət orqanları ilə bu qurum arasında sıx əlaqələrin qurulduğunu qeyd edib.
Öz növbəsində Azərbaycanın təhlükəsizlik baxımından nümunəvi ölkə olduğunu qeyd edən R. Nobl Heydər Əliyev Fondunun mədəniyyət tədbirlərinin keçirilməsindəki təcrübəsini qeyd edib. O, gələcəkdə Azərbaycanda birgə mədəni tədbirlərin keçirilməsini təklif edib.
Sonra R. Nobl İNTERPOL-un bu il təsis etdiyi “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalını Mehriban xanım Əliyevaya təqdim edib. Baş katib bildirib ki, M. Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.