Alimlər gələcəkdə xəstəliyi nəfəslə müəyyənləşdirməyi mümkün sayırlar
8.4.2013

İsveçrənin ali texniki məktəbinin alimləri bildirmişlər ki, sidik və qan analizi kimi, gələcəkdə insanın verdiyi nəfəsin tərkibi ilə də xəstəliyi müəyyənləşdirmək mümkün olacaqdır.
Tədqiqatçılar 11 nəfərin verdiyi nəfəsin kimyəvi tərkibini öyrənmişlər.
Müayinə nəticəsində alimlər bütün iştirakçılarda əhəmiyyətli dərəcədə fərqlər müəyyənləşdirmişlər. Tədqiqatçılar, həmçinin aşkar etmişlər ki, hər bir insanın barmaq izləri fərqli olduğu kimi, verdikləri nəfəsin tərkibi də müxtəlifdir. Alimlər etiraf etmişlər ki, bu unikal xüsusiyyətin yaranmasına təsir edən amillər, hələ də məlum deyildir.
Tədqiqatçıların fikrincə, nəfəsin analizi klinik məlumatın çox qiymətli mənbəyi ola bilər. Qan və sidik analizi üçün xeyli vaxt və xüsusi şərait tələb olunduğu halda, belə müayinəyə yalnız bir neçə dəqiqə kifayət edər. Həmçinin diaqnostikanın bu metodu insanlara heç bir narahatlıq yaratmır.