Bakı Metropoliteninin Rusiyanın Mıtişşi zavodundan aldığı bir heyətlik – 5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Bu vaqonlarda sərnişinlərin nəinki rahatlığı və təhlükəsizliyi, həm də sağlamlığı, yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılıb.
Bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alınacaq və gələn il istifadəyə veriləcək «Avtovağzal», «Əcəmi-2» stansiyalarında istismara buraxılacaq.
T.Əhmədov bildirib ki, həmin stansiyalarla yanaşı, hazırda Hərbi Hospitalın qarşısında yerləşəcək stansiyada da tikinti işləri aparılır. Oradan isə Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq. «H.Aslanov» stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016-cı ildə başa çatdırılacağı gözlənilir: «Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə, metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmayıb», - deyə metropoliten rəisi bildirib.
APA