“Yarasa pərdəsi” xəstəliyi dünyada yalnız 30 adamda vardır
9.4.2013

Dərinin uzanması, “yarasa pərdəsi” görüntüsü yaratması, yerimənin çətinləşməsi – bu xəstəlik dünyada yalnız 30 adamda vardır. Bəzi formaları öldürücü olan Eskobar sindromuna Türkiyədə 6 yaşlı Turqut Aslan da yoluxmuşdur.
Bu xəstəlik genlərlə bağlıdır və bədənin müəyyən yerlərində dərinin sallanması ilə müşahidə olunur.
Turqutun həkimi, ortopediya və travmatologiya mütəxəssisi Alper Gökçe deyir ki, bədənin onurğa, boyun kimi yerlərində sümük toxumasını, skeleti zədələyən xəstəlik həyat üçün təhlükəli vəziyyət də yaradır. Həkim demişdir ki, Türkiyədə adıçəkilən xəstəliyin müalicəsi üçün lazımi təcrübə yoxdur.
`Eskobar sindromu olan Turqut hər iki ayağında baldırından pəncəsinədək dərisi uzandığından ayaqlarını tam açıb normal addım ata bilmir, gəzməkdə çətinlik çəkir.
Həkim bildirmişdir ki, “yarasa pərdəsi” hərəkətliliyi azaltmaqla yanaşı, bədənin böyüməsini də əngəlləyir. O, balaca Turqutun bir müddət sonra ayaqlarında əməliyyat apararaq yerişini düzəltməyə çalışacağını bildirmişdir.

AzərTAc