“İyunun 29-da Azərbaycan paytaxtında “Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalı başlayır.
İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilmişdir ki, festival çərçivəsində dünyanın 20 ölkəsini təmsil edən rəssamlar şəhərimizin rəmzi olan Qız qalasının maketini öz milli üslublarına uyğun olaraq müxtəlif naxışlarla və rəsmlərlə bəzəyəcəklər.
Festivalla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov demişdir: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ikinci dəfə keçirilən festival artıq ənənə halını almışdır. Festivalın məqsədi xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız qalasını dünyada təbliğ etməkdir.
“Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalı iyunun 29-da Qız qalasının qarşısındakı meydanda keçiriləcəkdir. Rəssamlar açıq havada Qız qalası maketini tamaşaçıların gözü qarşısında sənət əsərinə çevirəcəklər.