Berlinin “Babylon” kinoteatrında “Əsəd bəyin əzabları” filminin premyerası keçiriləcək.
Bu barədə Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi bildirib.
Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir.
İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb.
Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəalliyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.
Filmdə Əsəd Bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması olan «Sevgidən bixəbər kişi» romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.
Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı «Əli və Nino» romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.
Bu il mayın 2-də keçiriləcək premyeraya İtaliya, Avstriya və Almaniyadan Əsəd bəyi sevənlər, onun tədqiqatçıları, ədəbiyyat və kino həvəskarları, eyni zamanda jurnalistlər və alman ictimaiyyətinin görkəmli mədəniyyət və kino xadimləri dəvət olunublar.
APA