Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” respublika müsabiqəsi başlanmışdır.
Təhsil Nazirliyindən bildirilmişdir ki, müsabiqə “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Mədəd-Azərbaycan” təşkilatı, AZEDUNET, “Ultra”, “Dr.Web” və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.
Müsabiqədə iştirak etmək üçün www.musabiqe.edu.az rəsmi internet səhifəsindən daha ətraflı məlumat almaq mümkündür.
“Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətlərində təşkil olunan müsabiqə üzrə sənəd qəbulu mayın 25-dək davam edəcəkdir.
Müsabiqənin əsas məqsədi elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını aşkara çıxarmaq və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə müəyyən olunacaqdır.
“Təhsildə internet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən ediləcəkdir.
Müsabiqənin qaliblərinə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaqdır.
“Elektron Təhsil” respublika müsabiqəsi artıq dördüncü ildir keçirilir və ümumilikdə bu müsabiqəyə 2 mindən artıq layihə təqdim edilmişdir.
AzərTac