Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncənin yaşı dəqiqləşmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilmişdir ki, bu barədə məlumat verən AMEA Gəncə bölməsinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə şəhərin yaşı ilə əlaqədar ABŞ-ın Smitson İnstitutu tərəfindən analizlərin aparıldığını qeyd etmişdir. Onun sözlərinə görə, Gəncənin ən qədim hissəsi olan Zurnabad deyilən ərazidəki qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı maddədən nümunə götürülərək ABŞ-ın Smitson İnstitutunun arxeologiya və etnoqrafiya şöbəsində kimyəvi analizə göndərilmiş və analizin nəticəsinə əsasən, Gəncənin yaşının 4 min il olması qənaətinə gəlinmişdir.
Azərbaycanda Gəncənin yaşı ilə əlaqədar ilk tədqiqatların arxeoloq İsaq Cəfərzadə tərəfindən aparıldığını söyləyən S. Pişnamazzadə şəhərin yaşı ilə əlaqədar rəsmi rəyin may ayının əvvəlində Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda elan olunacağını vurğulamışdır.
O qeyd etmişdir ki, heç bir arxeoloji əsası olmadan indiyədək Gəncənin 2.500 illik tarixə malik olması əsas götürülürdü. Qədim Gəncə indiyədək tədqiqatlara cəlb edilməmişdi. Gəncənin yaşının dəqiqləşməsinin məqsədlərindən biri bu şəhərin UNESCO-nun siyahısına salınmasıdır.
AzərTac