Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-nin mətbuat xidmətindən daxil olan məlumata görə, fətvada 1432-ci Hicri-qəməri ilinin artıq başa çatmaq üzrə olduğu, yeni 1433-cü ilin başlanğıcı-Məhərrəm ayının birinci gününün Miladi təqvimi ilə 2011-ci il noyabr ayının 27-nə təsadüf etdiyi bildirilir.
Fətvada Aşura gününün 2011-ci il dekabr ayının 6-na təsadüf etdiyi bildirilib: “Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır. Ümidvarıq ki, inşallah , dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən yiyələnəcəklər. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcək, inşallah. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”