Sabah Azərbaycanın bəzi yerlərində havanın hərarəti 27 dərəcəyə çatacaq
11.4.2013

Aprelin 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə əsasən, şimal-qərb küləyi əsəcək. Temperatur gecə 7-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Respublikanın bölgələrində də aprelin 12-də hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur Aran rayonlarında gecə 7-12, gündüz 21-25, bəzi yerlərdə 27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

A. Verdiyev qeyd edib ki, yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunan temperatur rejimində ciddi dəyişiklik gözlənilmir. Şimal küləklərinin əsməsi ilə əlaqədar ölkə ərazində havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

APA