“Müsəlman zaman maşını” kəşf olunmuşdur
12.4.2013

İranlı alim zaman maşınını kəşf etdiyini bildirmişdir. 27 yaşlı alim Əli Razegi “Aryayek zamanda səyahət maşını” (“The Aryayek Time Traveling Machine”) adını verdiyi mexanizmi dövlət qurumu olan Strateji İxtiralar Mərkəzində rəsmi qeydiyyatdan keçirmişdir.
Əli Razeginin dediyinə görə, istifadəçi əli ilə toxunandan sonra mexanizm onun gələcəyi ilə bağlı məlumatları açıqlayır. Mürəkkəb alqoritmik sistemlə çalışan mexanizm istifadəçinin 5-8 il bundan sonra üzləşəcəyi hadisələri 98 faiz səviyyəsində dəqiqliklə bildirir. O, zaman maşını üzərində 10 ildən bəri çalışdığını vurğulayaraq bildirmişdir ki, bu maşın vasitəsilə hər hansı başqa ölkə ilə müharibə ehtimalları, habelə neft və ya valyuta bazarında baş verə biləcək hadisələri təxminləmək olar.
Strateji İxtiralar Mərkəzinin baş direktoru Əli Razeginin qeydiyyata alınmış 179 ixtirası vardır.

AzərTac