“Uzaq sahillərdə” filmində “Mixaylo” rolunun məşhur ifaçısı Nodar Şaşıqoğlu vəfat edib.
Acar əsilli aktyor Bakı şəhərində yaşadığı evində uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Nodar Şaşıq oğlu İzzətoviç 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub.
1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. “Nikbin faciə”, “Sevilya ulduzu”, “Mariya Tüdor” da Cilberti (V.Hüqo) oynayıb.
N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır.
“Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə (1958, rej.T.Tağızadə), “Əsl dost”da Fərman (1959, rej. T.Tağızadə), “Səhər”də Əzizbəyov (1960, rej. A.Quliyev), “Matoe Falkone” qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), “Leyli və Məcnun”da Məcnun (1961, rej. L. Səfərov), “Bizim küçə”də yenə Mixaylo (1961, rej. Ə. Atakişiyev), “Telefonçu qız”da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.
1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!
gun.az