Sabah axşamdan başlayaraq ölkə ərazisində havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 12-17 dərəcə təşkil edəcək.
Respublikanın bölgələrində də hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcə isti olacaq.
Aprelin 16-sı axşamdan 19-dək Abşeron rayonunda arabir güclənən xəzri küləklərinin üstünlüyü, hava temperaturunun ötən günlərə nisbətən aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
APA