Şəki, Qax, Quba və Qusar rayonlarına qar yağıb
17.4.2013

Şimal-qərb bölgəsinin ucqar dağ kəndlərinə qar yağıb. Şəki və Qax rayon sakinlərinin verdiyi məlumata görə, ötən gün axşam saatlarından başlayaraq bölgədə hava qeyri-sabitləşib, yağış yağmağa başlayıb.

Gecə saatlarından isə yağış tədricən sulu qar və qara çevrilib. Bölgənin ucqar dağ kəndlərində havanın hərarəti düşüb.

Şəkinin ucqar Baş Göynük, Baş Layski, Şin və Kiş kəndlərinə qar yağıb.

İlkin məlumatlara görə, bu kəndlərdə qarın qalınlığı 4-6 sm olub.

Qonşu Qax rayonunun ucqar yaşayış məntəqələrindən olan Qaşqaçay və Sarıbaş kəndlərində də qar yağıb. Bu kəndlərdə isə qarın qalınlığı 5-6 sm təşkil edir.

Səhər saatlarında da bu kəndlərə qarın yağması davam edir.

Qax və Şəki rayon İH-dən verilən məlumata görə, hələlik yağıntılar ciddi problemlər yaratmayıb, hava soyuq olsa da, hələlik temperatur sıfırdan aşağı düşməyib.

Ötən gün axşam saatlarından etibarən Quba və Qusar rayonlarına da qar yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya mərkəzindən şimal bürosuna verilən məlumata görə, dağətəyi ərazilərə 2-7 sm, dağlıq ərazilərə isə 10-15 sm qar düşüb, mənfi 4-5 dərəcə temperatur qeydə alınıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti aprelin 19-dək davam edəcək.

APA