Azərbaycanda sertifikat almadan işləyən turist bələdçilərinin fəaliyyəti qanunsuz sayılacaq
25.11.2011

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə sertifikat almadan işləyən turist bələdçilərinin fəaliyyətini qanunsuz sayacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, gələn ilin yayına qədər Bakıda 500-ə qədər turist bələdçisinin sertifikat alması nəzərdə tutulur: “Savadlı olsa da, bələdçi sənədlərini əldə etməyən insanlara sözsüz ki, müəyyən məhdudiyyətlər qoyulacaq. Söhbət ondan gedir ki, bələdçilərin müəyyən qismi sovet dövründə yazılmış, bizim milli dəyərlərimizin əhəmiyyətini bugünkü qədər dərk etməyə imkan verməyən dərsliklər əsasında təhsil alıblar. Bizim müstəqil ölkə olaraq bu sahəyə yeni baxışımız var. Müasir Azərbaycanın gerçəkliklərini çatdırmaq üçün savadlı kadr potensialı lazımdır. Sovet dövründə Həmkarlar İttifaqı tərəfindən bələdçilərə verilən sertifikatlar dövlət səviyyəsində deyildi”.
Nazir əlavə edib ki, sertifikat alan bələdçilər bu fəaliyyət növü üzrə 5 il müddətinə çalışmaq hüququ əldə edirlər. Ə. Qarayev qeyd edib ki, bələdçilərin hər biri peşəkar olmalıdır: “Bunun üçün hər bir bələdçinin Azərbaycan Turizm İnstitutunda təşkil olunan bələdçi kurslarında iştirak etməsi vacibdir. Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da turist bələdçilərinin əlində və ya boynundan asılmış formada xüsusi nişanlar olmalıdır”.
Ə. Qarayev bildirib ki, turist ölkəyə gəlməzdən əvvəl seçdiyi bələdçi ilə müqavilə bağlaya biləcək. Bunun üçün hər bir bələdçi özü üçün elektron məlumat bazası yaratmalıdır.