Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə “Univision” - tələbələrin II mahnı müsabiqəsinə start verib.
Müsabiqədə musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulmayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev keçən il keçirilən müsabiqənin maraqla qarşılandığını deyib. O bildirib ki, beynəlxalq müsabiqəni rəsmi şəkildə elan etməsələr də, artıq digər ölkələrdən müraciətlər var. Beynəlxalq müsabiqədə müxtəlif qitələrdən olan tələbələr iştirak edəcək. “Univision” tələbə mahnı müsabiqəsinin “Eurovision” yarışmasından fərqi o olacaq ki, burda ölkələri universitetlər əvəz edəcək. Hər ölkənin milli seçim turu keçirə bilmədiyini nəzərə alaraq bu il yarışmaya hər ölkənin ən yaxşı gənc tələbəsi və onunla birgə tələbə münsifi qatılacaq. Beynəlxalq yarışmada ölkələr özlərinə səs verə bilməyəcəklər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bu il yarışmaya qatılan tələbələrin keçən ildəkindən daha istedadlı olduqlarını deyib. O, iştirakçıları müxtəlif sürprizlərin gözlədiyini vurğulayıb.
“Univision” - tələbələrin II mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərində iştirak edəcək tələbələr əməkdar artist Tünzalə Ağayevadan vokal dərsləri alır, rəqslərin qurulması üçün xoreoqraf Nailə Məmmədzadə ilə çalışırlar.
Müsabiqənin yarımfinal və final mərhələləri 3-5 may 2013-cü il tarixlərində Heydər Əliyev adına Sarayda keçiriləcək.
“Univision” - tələbələrin II mahnı müsabiqəsinin qalibi Azərbaycanı 30-31 may 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq “Univision” Mahnı Müsabiqəsində təmsil edəcək.
APA