Azərbaycanda bəzi çaylarda sululuq artıb
18.4.2013

Azərbaycanda bəzi çaylarda sululuq artıb. Bunu cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ötən gün qeydə alınan yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsindəki çaylarda suyun səviyyəsi 18-33, Böyük Qafqazın cənub yamacından axan, Zərdab rayonu ərazisindəki, Kürün sol qolu olan Qarasuçayda suyun səviyyəsi 39 santimetr artıb.

Kürün yuxarı axınında suyun səviyyəsində 7, Qanıx çayında 4 santimetr artım qeydə alınıb.

Verdiyev bildirib ki, aprelin 20-dən 24-dək havanaın yenidən qeyri-sabit keçməsi və yağıntılı hava şəraitinin gözlənilməsi ilə əlaqədar əksər çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Milli.Az