Aprelin 16-da Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və SEBA-nın (Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyası) dəstəyi ilə bu ölkənin paytaxtı Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında Koreya mətbuatı, ictimaiyyət nümayəndələri və digər qonaqların iştirakı ilə Azərbaycan kulinariya festivalının açılış mərasimi keçirilmişdir.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən bildirmişlər ki, səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov mərasimdə çıxış edərək milli mətbəxin xalqların mədəniyyətini təbliğ etməyin ən sadə yollarından biri olduğunu və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıdığını söyləmişdir. O, dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin Koreya Respublikasında ilk dəfə təqdim olunduğunu və bu hadisənin hər iki ölkənin mədəniyyətlərinin təbliği və təşviqində, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını qeyd etmişdir.
Mərasimdə, həmçinin Azərbaycan yeməkləri və mətbəxinin ölkəmizin mədəniyyətinin mühüm hissəsi olduğu və dərin tarixə, ənənələrə və dəyərlərə bağlığı barəsində qonaqlara məlumat verilmişdir.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş aşpazı Anar Qasımov Azərbaycan yeməklərinin xüsusiyyətləri haqqında danışmış və festival çərçivəsində Azərbaycan mətbəxinin ən ləziz yeməklərini Koreya vətəndaşlarına təqdim edəcəyini bildirmişdir.
Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət əsərlərinin nümunələri nümayiş etdirilmiş, Azərbaycan mətbəxinin plov, aş qara, quzu kababı, dana basdırması kimi ləziz yeməkləri qonaqlara təqdim edilmişdir.
Festival Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında aprelin 30-dək davam edəcəkdir.
AzərTAc