Xəbər verdiyimiz kimi, birjalarda qızılın qiyməti 1400 dollardan da aşağı düşüb. Bu da 2011-ci ilin martından indiyə qədər ən aşağı göstəricidir. Cümə günü 5.3 faiz ucuzlaşan qızıl dünən 30 dollar ətrafında ucuzlaşıb. Beləliklə qiymətli metal keçən həftənin bazar ertəsi günündən bu yana 9.5 faiz dəyərdən düşüb. Qızılın qiyməti ilə bağlı baş verən bu proses onun etibarlılığını, likvidliyini şübhə altına salıb.
Qızılın qiymətinin kəskin düşməsi ölkədə bank sektoruna, qiymətli metal bazarına öz təsirini göstərib: “Belə ki, əhalinin lombardlara və lombard kreditlərinə olan tələbatı yüksək olduğundan bu gündən əksər banklarda, lombardlarda qızılın qiymətinin kəskin düşməsi ilə əlaqədar qızılın girovu əsasında kredit verilməsində müəyyən fasilələr yaranıb. Bunun səbəbi kimi banklar və bank olmayan kredit təşkilatları qızılın belə kəskin düşməsindən özlərini sığortalamaq üçün müəyyən addımlar adıblar. Banklar yeni qiymətə uyğun olaraq qızılın girovu ilə kredit ayırırlar. Bu zaman qızılın qiyməti ötən həftəyə nəzərən gözə çarpacaq dərəcədə aşağı qiymətlə qiymətləndirilir”.
Ekspertlər deyir ki, ötən həftə banklar və lombardlar qızılın 1qramını orta hesabla 24-28 AZN məbləğə qiymətləndirirdilərsə, bu gün artıq mövcud risklərdən qorunmaq məqsədi ilə qızılın 1 qramını 17-21 AZN qiymətləndirirlər: “Bundan əlavə kreditin qızıla nisbətində də fərq görünməkdədir. Yəni ötən həftə girov orta hesabla kredit məbləğinin 110-120% təşkil edirdisə, artıq bu rəqəm bəzi banklarda 120-130% qaldırılıb. Bu da risklərin qarşısının alınması tədbirlərindən biridir”.
publika.az